Çempionlar Liqasında günün mərkəzi qarşılaşması Paris şəhərində keçirilib. Burada H qrupunda çıxış edən yerli “Paris Sen-Jermen” İtaliyanın “Yuventus” klubu ilə üz-üzə gəlib. 5-ci dəqiqədə Kilyan Mbappe yerli azarkeşləri coşdurub. Gənc hücumçu 22-ci dəqiqədə dublunu rəsmiləşdirib - 2:0. Qoldan sonra irəli atılan qonaqlar yalnız 2-ci hissədə fərqi azaltmağa nail olublar. Meydana yenicə daxil olan Ueston Makkeni etimadı doğruldub. PSJ – “Yuventus” 2:1.

F qrupunda iştirak edən Ukraynanın “Şaxtyor” Donyetsk kollektivi isə səfərdə böyükhesablı qələbə qazanıb. Almaniya klubu “Leyptsiq”in qonağı olan komanda ilk hissədə 1 qol vurub. Maryan Şved ukraynalı azarkeşləri sevindirib. Fasilədən sonra meydan sahibləri tarazlığı bərpa ediblər. Mohammed Simakan komandasını ümidləndirib. Qalan vaxt ərzində “Şaxtyor” futbolçuları daha 3 qol vurublar. Əvvəlcə Şved dubl edib. Ardınca isə Mixail Mudrik və Lassina Traore hərəyə bir dəfə fərqləniblər. “Leyptsiq” – “Şaxtyor” Donyetsk 1:4.

E qrupunun favoriti “Milan” səfərdə heç-heçə edib. “Zaltsburq”la görüşən “rossonerilər” 28-ci dəqiqədə Noa Okaforun qolu ilə hesabda geri düşüblər. Lakin rəqibi müdafiəyə çəkilməyə məcbur edən İtaliya klubu 40-cı dəqiqədə istəyinə nail olub. Aleksis Saelmakers komandasına 1 xal qazandırıb. “Zaltsburq” – “Milan” 1:1.

Günün son matçı G qrupunda qeydə alınıb. “Mançester Siti” İspaniyada “Sevilya”nı darmadağın edib. 20-ci dəqiqədə Erlinq Haland “Mançester Siti” forması ilə Çempionlar Liqasında ilk qolunu rəsmiləşdirib. 58-ci dəqiqədə Fil Foden fərqi iki topa çatdırıb. Az sonra Haland yenidən diqqət mərkəzinə düşüb. O, komanda yoldaşı Fil Fodenin ötürməsini qolla tamamlayıb. Qarşılaşmada son nöqtəni isə Ruben Diaş qoyub: “Sevilya” – “Mançester Siti” 0:4.